Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumatına görə Türkiyənin İstanbul şəhərində yerləşən Əhli-Beyt Kövsər məscidində Məhərrəm ayının dördüncü gecəsinin əzadarlıq mərasimi Qurani-Kərim ayələrinin tilavəti ilə başlayıb. Daha sonra Türkiyə Əhli-Beyt Alimləri Birliyinin (EHLA-DER) sədri Hacı Qədir Akaras həzrət Əba Əbdillah Hüseynin (ə) və Kərbəla şəhidlərinin müsibətinin əhəmiyyəti barədə çıxış edib. O vurğuladı ki, əza məclisləri vizual, düşüncəvi və əməli baxımdan daim canlı və dinamik saxlanılmalıdır.

Türkiyə Əhli-Beyt Alimləri Birliyinin (EHLA-DER) sədri Hacı Qədir Akaras çıxışına Kərbəla şəhidlərinin fədakarlıqlarına toxunmaqla başlayıb və “qan” anlayışı ilə bağlı ərəb dilində işlədilən bəzi ifadələrin məna incəliklərini izah edib. O, İmam Hüseynin (ə) səhabələrinin “son damla qanlarına qədər” fədakarlıq göstərmələrini ifadə edən “mühəcə” kəlməsinin mənası barədə danışaraq bildirib:
“Ərəb dilində ‘dəm’ bədəndən axan qana deyilir. ‘Sər’ (ثار) sözü də qan mənasını ifadə edir. Necə ki, İmam Hüseynin (ə) ləqəblərindən biri ‘Sarallahdır, yəni intiqamını Allah alacağı qan. Lakin ‘mühəcə’ fərqli məna daşıyır. Canlı varlığın bədənindən bütün qan çıxdıqdan sonra ürəkdə qalan çox az miqdarda laxtalanmış qana ‘mühəcə' deyilir. Bu isə o deməkdir ki, İmam Hüseynin (ə) səhabələri haqq yolunda ürəklərində qalan son damla qana, son nəfəsədək fədakarlıq göstəriblər.
Akaras Əhli-Beyt (ə) əza məclislərində iştirak etməyi böyük bir nemət adlandırıb və bu barədə İmam Cəfər Sadiqin (ə) səhabələrindən olan Füdeyl ilə söhbətinə işarə edib. O bildirib ki, İmam Sadiq (ə) Əhli-Beyt (ə) üçün təşkil olunan məclisləri çox sevərdi və bu məclislərin yaşadılmasının iki əsas yolunu bəyan etmişdi.
Əza məclislərinin zahiri və emosional canlılığı
Höccətül-İslam Akarasın sözlərinə görə, məclislərdə yüksək səslə salavat göndərilməsi, əza səslərinin yüksəlməsi və insanların səmimi şəkildə göz yaşı tökməsi bu məclislərin zahiri canlılığının göstəricilərindəndir. O əlavə edib ki, keçmişdə Anadolu, İğdır və Qars bölgələrində “birlikdə mərsiyə oxuyub ağlamaq” mənasını verən bir ifadə işlədilirdi ki, bu da kollektiv matəm mədəniyyətinin təzahürü idi. Məhərrəm ayında şənlik mərasimlərinin keçirilməməsi və qara geyimdən istifadə olunması da həmin əzadarlıq mədəniyyətinin bir hissəsidir.
Əza məclislərinin fikri və ictimai canlılığı
Höccətül-İslam Akaras vurğulayıb ki, Kərbəla hadisəsinə yalnız tarixi bir hadisə kimi yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, sosiologiya və tarix fəlsəfəsinin imkanlarından istifadə etməklə “Bu hadisə niyə baş verdi?” sualına cavab axtarmaq lazımdır.
O əlavə edib: İmam Hüseyn (ə) bizə bir həyat tərzi təqdim edir. Əgər gündəlik həyatımızda bu üsluba uyğun yaşamasaq, böyük sınaq anlarında da Hüseyni seçim edə bilməyəcəyik.

Kərbəlanın əsas fəlsəfəsi – Allaha təslim olmaq
Türkiyə Əhli-Beyt Alimləri Birliyinin (EHLA-DER) sədri Qədir Akaras çıxışının davamında Kərbəlanın əsas fəlsəfəsinin “Allaha və vilayətə təslim olmaq” olduğunu bildirib. O, İmam Hüseynin (ə) ən ağır şəraitdə belə buyurduğu: «إلهي رضاً بقضائك» – “İlahi, Sənin qəza və qədərinə razıyam” sözlərini xatırladaraq deyib: İmam Hüseyn (ə) Kərbəlaya zahiri bir nəticə əldə etmək üçün getməmişdi. O, ilahi vəzifəsini yerinə yetirməyə məmur idi və nəticə Allahın ixtiyarındadır. Bu gün də Qəzza və Livanda azsaylı bir qrupun dünyanın böyük gücləri qarşısında necə müqavimət göstərdiyini görürük. Bu müqavimətin sirri Allah və vilayət qarşısında təslim olmaqdır. Haqq çoxluqla ölçülmür və qələbə yalnız Allah tərəfindəndir.
Akaras çıxışının sonunda İmam Hüseynin (ə) altı aylıq körpəsi həzrət Əli Əsğərin (ə) şəhadəti ilə bağlı duyğulu fikirlər səsləndirib.
Daha sonra mərasim iştirakçıları Əhli-Beyt məddahının mərsiyələri ilə göz yaşı töküblər.
Mərasim Əhli-Beyt (ə) dostlarının sinə vurması və duaların oxunması ilə başa çatıb.

Rəyiniz